AzVision.az-ın Analitik Qrupu

“Dörd sahil” layihəsi | Lonqrid

// Türkmənistan “yaşıl enerji dəhlizi”nə qoşula bilərmi?

2022-ci ilin dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında tarixi sənəd imzalandı. “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” Saziş Qara dənizin dibindən  keçməklə Azərbaycandan Avropaya elektrik xəttinin çəkilməsini nəzərdə tuturdu. Vacib nüans: Söhbət məhz “yaşıl elektrik”in, yəni bərpaolunan mənbələrdən alınacaq enerjinin ötürülməsindən gedir. 

 “Bu, çox iddialı bir layihədir. Layihə bizi həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Xəzər regionu ilə bağlayacaq. Bərpaolunan mənbələrdən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə bizə təchizatın təhlükəsizliyini gücləndirməkdə kömək edəcək”,- deyə mərasimdə iştirak edən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirmişdi.

Bu, ənənəvi karbohidrat hasilatçısı olan Azərbaycan üçün tamamilə yeni bir rol idi. Bir tərəfdən Azərbaycan Avropa bazarına təbii qaz nəqlini getdikcə artırır. Buna baxmayaraq, yeni bir enerji dəhlizi də açılır: “Yaşıl elektrik” xətti. Niyə məhz “yaşıl”?

Məsələ ondadır ki, təbii qazı yandırıb, elektrik almaq Avropaya sərf etmir. Amma bunu Azərbaycanın etməsi də arzuolunan deyil. Çünki Avropa Azərbaycandan qazı  məhz qaz kimi almaqda maraqlıdır. Eyni zamanda, macarıstanlı ekspert Matyaş Kohanın AzVision.az-a dediyi kimi, qitənin alternativ enerji mənbələrindən təchizatını da daha dayanıqlı etməyə ehtiyac var. Bu zaman Azərbaycanın “yaşıl enerji” potensialı köməyə gəlir.

Azərbaycanın bərpaolunan enerji potensialı quruda 27, dənizdə isə 157 giqavatt təşkil edir. 2027-ci ilə qədər bu potensialın 4 giqavattı reallaşdırılacaq. Onun da 80 faizi ixrac olunacaq. Tezliklə həmin rəqəm artaraq, 25 giqavatta çatdırılacaq.

...Bu, Azərbaycan üçün yeni rol, yeni missiya, yeni dövrün başlanğıcı idi...

Amma Xəzər sahilindən Avropaya kabel çəkmək haqqında danışanda istər-istəməz ağla belə bir cazibəli fikir gəlir: Niyə Xəzərin təkcə bir sahilindən? Axı Xəzərin digər sahilində də “yaşıl energetika”nı inkişaf etdirmək üçün nəhəng potensial var! Elə isə, Türkmənistan da dörd ölkəyə qoşularaq, “yaşıl enerji” dəhlizinin yaradılmasında iştirak edə bilərmi?

Bu, çox maraqlı sualdır. Amma hələ ki birmənalı cavabı yoxdur. 

Günəş və külək ölkəsi

Türkmənistan sahəsinə görə Azərbaycandan 5,6 dəfə böyükdür. Ərazisinin də 70%-ə qədəri səhralardır. Yəni kənd təsərrüfatına yararlı olmasa da, günəş enerjisinin istehsalı üçün ideal yerdir. Günəşli günlərin sayı ildə 300-ü keçir. Üstəlik, Xəzərin sahilində yerləşməsi avtomatik o deməkdir ki, külək enerjisi potensialı da var. Amma bu potensialın reallaşdırılması işində yubanıb. Ona görə, hələ heç potensialı da dəqiq qiymətləndirilməyib. Onun imkanları ilə bağlı daha aydın mənzərə gələcəkdə üzə çıxacaq.

Türkmənistanın "yaşıl enerji" potensialı hələ də dəqiq qiymətləndirilməyib

Türkmənistanın qaz ehtiyatları xeyli çox, əhalisi isə azdır. Cəmi 6 milyon əhalisi olan ölkə qaz hasilatı ilə həm özünün enerji ehtiyaclarını tam ödəyir, həm də ixrac edir. Qazın elektrikə çevrilməsi onlara alternativ enerjidən 3 dəfə ucuz başa gəlir. Ona görə də daha çətin və bahalı yol olan “yaşıl energetika”nı inkişaf etdirməkdə o qədər də həvəsli görünmür.

Üstəlik, ölkə 2050-ci ilə qədər karbon izinin sıfıra endirilməsi ilə bağlı Paris sazişinə də qoşulmayıb (halbuki Azərbaycan bu sənədi 2016-cı ildə imzalayıb). Yəni alternativ energetikanın inkişafında siyasi marağı da yoxdur.

Bütün bunlara baxmayaraq, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM-nin) icraçı direktorunun müavini Ramil Hüseyn deyir ki, artıq Türkmənistanın da “yaşıl energetika”nın inkişafı istiqamətində vizion formalaşdırmasının vaxtıdır.

Ramil Hüseyn: "Türkmənistan özünütəcrid yox, yaxınlaşma siyasəti aparmalıdır"

“Yaşıl energetika”nın inkişafı ekologiyadan və iqtisadiyyatdan əlavə, həm də sosial məsələdir. İndi dünyada 13 milyon insan bu sahədə çalışır. Proqnozlara görə, yaxın gələcəkdə alternativ energetika sahəsində çoxlu iş yerləri açılacaq. Türkmənistan bu yolla məşğulluq problemini də çözə bilər.

Amma bu zaman enerji bazarlarına çıxış məsələsi gündəmə gəlir. Çünki “investisiya qoyulsa, istehsal edilən enerjini satmaq olacaqmı?” sualı yaranır. Şərq istiqaməti bu baxımdan perspektivli deyil: Çinin özü alternativ energetikaya ən böyük investisiya qoyan ölkədir. Çin və Cənubi Koreya bu istiqamətdə çoxlu meqa-layihələr həyata keçirirlər. Qazaxıstan, Özbəkistan, Rusiya, İran, Əfqanıstan da “yaşıl elektrik”in potensial alıcısı kimi görünmürlər. Qalır enerjiyə həmişə ehtiyac duyan və bunun üçün pul ödəməyə hazır olan Avropa bazarı. Türkmənistanın ora çıxmaq şansları nə yerdədir?

Texniki və siyasi suallar

Avropa bazarına çıxmaq üçün ilk addım kimi Türkmənistandan Xəzərin dibi ilə Azərbaycana elektrik kabelinin çəkilməsi lazımdır. Burada texniki cəhətdən heç bir problem yoxdur. “Neft araşdırmaları mərkəzi”nin rəhbəri İlham Şaban xatırladır ki, hələ 1902-ci ildə çar Rusiyasının dövründə o zamankı Krasnovodsk ilə Bakı limanları arasında tarixdə ilk dəfə teleqraf xətti çəkilmişdi. Həmin vaxta qədər Avropada və Amerikada belə xətlər ancaq göllərin altından çəkilirdi. Yəni biz hələ 20-ci əsrin əvvəllərində bu cür layihənin reallaşdırıldığı məkan olmuşuq.

İlham Şabah: "Xəzərin dibi ilə kabelin çəkilməsi bütün baxımlardan tamamilə realdır"

Hətta Türkmənistan Avropaya “yaşıl enerji” ixrac etməsə belə, Transxəzər kabelini çəkmək çox faydalı olardı. Bununla Xəzərin sağ və sol sahillərinin elektrik infrastrukturları inteqrasiya olunar, bizim elektriki qazdan almağa ehtiyacımız qalmazdı.
Yəni Türkmənistan hətta “yaşıl” energetikasını inkişaf etdirməsə belə, qazını elektrikə çevirib, Azərbaycana sata bilər. Bu, Azərbaycanın ekologiyasının yaxşılaşdırılması, karbon izinin itirilməsi ilə bağlı atılan böyük addım olardı.

Bəzi ekspertlər bu layihənin siyasi əngəllərlə üzləşə biləcəyini deyirlər. Necə ki, məhz Rusiya və İran etiraz etdikləri üçün Transxəzər qaz kəmərini reallaşdırmaq mümkün olmadı. Xəzərin hüquqi statusu ilə bağlı 2018-ci il, avqustun 12-də qəbul edilmiş Konvensiyada dənizin sağ və sol sahilləri arasında magistral kəmərlərin (neft, qaz və su) çəkilməsilə bağlı xüsusi bənd var. Orada yazılıb ki, belə layihələr ekoloji problem doğura biləcəyi üçün bütün Xəzəryanı ölkələr tərəfindən təsdiqlənməlidir. Amma kabel, elektrik enerjisi və onun ötürülməsi ilə bağlı infrastruktur barədə heç bir şey yoxdur. Çünki bu, əvvəla, ekoloji problem yarada bilməz. İkincisi, artıq dediyimiz kimi, hələ keçən əsrin əvvəllərində Xəzərin dibi ilə kabel çəkilib və sonradan bir neçə dəfə yenilənib. Hazırda isə Aktau-Bakı optik magistral xətti çəkilməkdədir.

Bəs elə isə nə problem qalır?

BDU-nun “İqtisadi və sosial coğrafiya” kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov deyir ki, hüquqi problem olmasa da, Rusiya və İran layihəyə siyasi əngəllər törətməyə çalışacaqlar. Türkmənistan isə bu dövlətlərlə üzləşmək istəmədiyindən, layihədə maraqlı olsa da, sinəsini qabağa verib, təşəbbüs göstərməyəcək.

Çingiz İsmayılov: "Türkmənistan layihədə maraqlı olsa da, təşəbbüs göstərməyəcək"

Kabelin Qara dənizin altından keçən hissəsinə gəlincə, Xəzərlə müqayisədə orada texniki problemlər daha çox olacaq. Çünki 80 metrdən aşağı dərinlikdə Qara dənizin suyunun tərkibi çox aqressiv mühitdir. Orada kabelin korroziyasının qarşısını almaq üçün xüsusi örtüklər olmalıdır ki, bu da xərcləri çoxaldır. İlkin dəyərləndirmələrə görə, 2 milyard avro sərmayə tələb olunur. Ancaq həm Avropa investorları bunda maraqlıdırlar, həm də Qərb şirkətlərinin dənizin dibi ilə kabel çəkməkdə artıq böyük təcrübələri var. Ona görə də layihənin Qərb hissəsinin reallaşdırılmasında heç bir problem gözlənilmir.

Şərq – incə məsələdir

Bütün əngəllərə baxmayaraq, Türkmənistan “yaşıl energetika” buzunu artıq sındırıb. Hazırda Qaraboğaz-göldən şərqdə, Türkmənistanın şimalında Balanabad və Taşauz vilayətlərinin kəsişdiyi yerdə Altın-Asır adlı süni göl yaradılır. Bu gölün tam doldurulması 2025-ci ildə yekunlaşacaq. Orada drenaj sularının toplanması ilə yanaşı, “yaşıl energetika”nın inkişafı ilə bağlı layihələr də icra olunur. Bu layihələr günəş və külək enerjisinin elektrikə çevrilməsini nəzərdə tutur.

Xəzərin dibi ilə kabel çəkmək Qara dənizə nisbətən daha asandır

Amma gələcəkdə ola bilər ki, Türkmənistan Azərbaycan təcrübəsindən yararlansın. Çünki 5 il öncə Azərbaycanın Avropaya “yaşıl enerji” ixrac edəcəyi heç müzakirə də olunmurdu. Azərbaycana investisiya qoyan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Türkmənistanda da “yaşıl enerji” istehsal edəcək. Yəni eyni şirkət “yaşıl enerji” sahəsində həm Azərbaycana, həm də Türkmənistana sərmayə qoyur. Bu da bizim əməkdaşlığımızı yaxınlaşdıra bilər.

Türkmənistan hazırda Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malikdir. Qurum ilə əməkdaşlığı dərinləşdirib, tamhüquqlu üzv olarsa, bu, “yaşıl energetika”nın inkişafına da təsirini göstərəcək. Çünki Türk Dövlətləri Təşkilatının 2040-cı ilə baxış konsepsiyasında oda nəzərdə tutulub.

“Yaşıl enerji” dəhlizi bütövlükdə Xəzər regionunu Avropaya bağlamaqla, Türkmənistan üçün də böyük imkanlar açır. Bununla Türkmənistan indiyə qədər bacarmadığı bir şeyə – Avropanın enerji bazarına birbaşa çıxışa nail olur. Energetikanın gələcəyinə doğru böyük bir addım atır. Avropa ilə əlaqələri inkişaf etdirmək üçün şans qazanır. Bunların hamısı real hədəflərdir. Qalır ortaya iradə qoymaq.

  15 Mart 2023    Oxunub: 17326    Oxunma vaxtı: 12 dəq.

12 dəq.